BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

Sədr:
Qasımzadə E. Ə.
(+99412) 594-5958 (iş)

Katiblər:
Məmmədova G.H.
(+99412) 438-3001 (iş)

Mollazadə F.Ə.
(+99412) 596-9020 (iş)

Bəylərov İ. X.
(+99412) 437-3264 (iş)

Ümumi şöbə:
(+99412) 594-6932, 594-6840 (tel/faks)

Azərbaycan Respublikası Memarlar İttifaqının Nizamnaməsi

Azərbaycan Respublikası Memarlar İttifaqı (AMİ) Respublika memarlarının könüllü professional yaradıcılıq birliyidir.

İttifaq, Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika qanunvericiliyini, bu Nizamnaməni rəhbər tutaraq fəaliyyət göstərir, xarici ölkələrin memarlar ittifaqları və başqa yaradıcı ittifaqları ilə öz qarşılıqlı münasibətlərini müqavilə əsasında qurur.

AMİ-nin fəaliyyəti demokratiya və özünüidarə, aşkarlıq, hər bir üzvünün şəxsi təşəbbüsü, tapşırılan iş üçün məsuliyyəti və bu Nizamnamənin müddəalarına riayət etməsi prinsiplərinə əsaslanır.

 

1. MEMARLAR İTTİFAQININ (Mİ) VƏZİFƏLƏRİ

 

1.1. Mİ yaradıcılıq konsepsiyalarını formalaşdırır və Azərbaycan memarlığının inkişaf strategiyasını dövlət orqanları ilə birlikdə həyata keçirir;

1.2. Memarlıq və şəhərsalma sahəsində qəbul olunmuş qanunların həyata keçirilməsinə kömək edir;

1.3. Demokratik cəmiyyətin humanist ideallarına cavab verən memarlıq əsərlərinin yaranmasına kömək edir, Azərbaycan memarlığının yaradıcılıq mövqelərinin müxtəlifliyini müdafiə edir;

1.4. Tarixi memarlıq mühitinin və təbii mühitin mühafizəsinə, memarlıq abidələrindən qayğı ilə istifadə olunmasına kömək edir;

1.5. Memarlıq sahəsində kadr siyasətinə fəal təsir göstərir, memarlıq kadrlarının seçilməsi, irəli çəkilməsi və yerləşdirilməsi məsələlərində Respublikanın dövlət və özəl orqanları və təşkilatlarına kömək edir;

1.6. Memarlıq təhsilinin təkmilləşməsinə, Respublika memarlarının peşə vərdişlərinin kamilləşməsinə kömək edir, gənc nəslin hazırlanmasına və tərbiyə olunmasına qayğı göstərir;

1.7. Memarların yaradıcılıq ustalığının artmasını stimullaşdırır, memarın istedadını və şəxsiyyətini, onun müəlliflik hüquqlarını müdafiə edir;

1.8. Memarlıq məsələləri barədə ictimai rəyi öyrənir və formalaşdırır; ictimaiyyəti hazırlanan layihələrin müzakirəsinə cəlb edir, memarlıq peşəsinin mədəni və bədii statusunun yüksəlməsinə kömək edir;

1.9. Azərbaycan memarlarının nailiyyətlərini təbliğ edir, nəşriyyat və memarlıq tənqidinin inkişafına kömək edir; memarlıq, bədii rəngkarlıq, tətbiqi sənət əsərlərinin baxış-sərgilərini və satışını təşkil edir;

1.10. Beynəlxalq memarlıq təşkilatları, xarici ölkələrin memarlıq ittifaqları və digər yaradıcılıq ittifaqları ilə əməkdaşlıq edir.

 

2. MEMARLAR İTTİFAQININ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

2.1. Mİ-nin üzvlüyünə Respublikada yaşayan, memarlıq fəaliyyətinin hər hansı sahəsində şəxsi yaradıcılıq işləri ilə özünü tanıdan, İttifaqın Nizamnaməsini qəbul edən, Mİ-nin ictimai həyatında iştirak edən, 3 il stajı olan diplomlu memarlar qəbul olunurlar;

2.2. Başqa peşələrin nümayəndələri Azərbaycan Memarlar İttifaqına o şərtlə qəbul edilirlər ki, onlar memarlıqda müəyyən nəticələr əldə etmiş olsunlar;

2.3. Azərbaycan memarlığının inkişafında və onun təbliğində əhəmiyyətli rolu olan Respublikanın və xarici ölkələrin memarları və digər sahələrdə çalışan mütəxəssislər Memarlar İttifaqının fəxri üzvü ola bilər;

Qeyd: Mİ-nin fəxri üzvləri seçkilərdə iştirak etmirlər.

2.4. Mİ-nin üzvlüyünə İdarə Heyəti və yaxud Rəyasət Heyəti tərəfindən fərdi qaydada, qəbul komissiyasında namizədin müzakirəsindən sonra qəbul edilir. Mİ-yə qəbul olunan şəxslərə üzvlük bileti verilir;

2.5. İttifaqın üzvü:

a) Mİ-nin Nizamnaməsinə riayət etməli, Respublika Memarlar İttifaqı qurultayının, İdarə Heyəti plenumlarının qərarlarını rəhbər tutmalıdır;

b) Mİ təşkilatlarının birinin işində fəal iştirak etməlidir;

v) peşə etikasını gözləməlidir;

q) üzvlük haqqını müntəzəm ödəməlidir.

2.6. Mİ üzvlərinin aşağıdakı hüquqları vardır:

a) ictimai təşkilatların və Mİ-nin tabeliyindəki təşkilatların işində iştirak etmək və həmin təşkilatların fəaliyyətinin yaxşılaşdırılması barədə təkliflər vermək, özlərinin mənafelərinə aid məsələlər müzakirə olunarkən seçkili orqanların iclaslarında iştirak etmək;

b) Mİ yaradıcılıq, məsləhət, hüquqi və metodoloji köməyinin bütün növlərindən istifadə etmək;

c) iş yerindən asılı olmayaraq ortaq müəlliflərin razılığı ilə müəllif nəzarətini həyata keçirmək;

ç) dövlət və özəl təşkilatlarında, yaradıcılıq birliklərində və fərdi emalatxanalarda əmək sazişləri əsasında iş görmək; yaradıcılıq emalatxanası (kollektiv emalatxana və ya fərdi emalatxana) üçün Mİ-nin vasitəçiliyi ilə fəaliyyət sahəsi icarəyə götürmək; d) öz yaradıcılıq işlərini mətbuatda dərc etdirmək və sərgilərdə göstərmək;

e) sosial-məişət yardımından və müəyyən olunmuş güzəştlərdən istifadə etmək;

ə) peşə hüquqlarının və yaradıcılıq fəaliyyəti nəticələrinin müdafiəsi ilə əlaqədar bütün məsələlər barəsində Mİ-nin orqanlarına müraciət etmək; f) Mİ-nin tapşırığı ilə baş idarələrə, ictimai və özəl təşkilatlarına, ayrı-ayrı vətəndaşlara memarlıq məsələləri barəsində məsləhət vermək;

g) Mİ-nin rəhbər orqanlarına seçmək və seçilmək.

2.7. İttifaqın üzvü eyni zamanda həm İdarə heyətinə, həm də Təftiş komissiyasına seçilə bilməz.

Nisbətən daha çox səs, yəni səsvermədə iştirak edənlərin ən azı 50%+1 səs toplayan namizədlər seçilmiş sayılırlar.

Səsvermənin yekunlarına görə seçkili orqanın say tərkibi təmin edilmirsə, onda əlavə seçkilər keçirilir və ya seçkili orqanın say tərkibinə yenidən baxılır.

Rəhbər orqanın etimadını doğrultmayan üzvlər rəhbər orqanın tərkibindən çıxarılır. Çıxarılmaq məsələsini göstərilən üzvlərin seçildikləri orqan həll edir. İştirakçıların 3/4 hissəsindən çoxu səs verdikdə qərar qəbul edilmiş sayılır.

2.8. Nizamnaməni pozmaq və başqa xətalara görə üzvlər, tənbehdən İttifaq üzvlüyündən çıxarılmağa qədər cəzalandırıla bilərlər.

 

3. MEMARLAR İTTİFAQININ STRUKTUR QURULUŞU

 

3.1. Mİ-nin ali rəhbər orqanı respublika memarlarının beş ildə bir dəfə çağırılan qurultayıdır. Qurultaya nümayəndəlik qaydasını Azərbaycan Memarlar İttifaqının İdarə heyəti müəyyən edir. Qurultaya nümayəndələr yerli və ilk təşkilatların ümumi yığıncağında və ya konfranslarında açıq və yaxud gizli səsvermə yolu ilə seçilirlər.

Azərbaycan memarlarının qurultayı:

a) Respublikada memarlığın və şəhərsalmanın ən mühüm məsələlərini müzakirə edir və onların gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsinə kömək edir;

b) ən mühüm yaradıcılıq və təşkilat problemlərini, memarlığın inkişafının cari məsələlərini müzakirə edir və onlar barədə qərarlar çıxarır;

c) Azərbaycan Memarlar İttifaqının Nizamnaməsini təsdiq edir və lazım gəldikdə dəyişdirir;

ç) İdarə Heyətini, İdarə Heyətinin sədrini, Təftiş komissiyasını, Memarlıq Fondunun İdarə heyətini adətən gizli səsvermə yolu ilə seçir;

d) Mİ İdarə Heyətinin, Təftiş komissiyasının, Memarlıq Fondu İdarə Heyətinin hesabatlarını dinləyir və təsdiq edir.

3.2. Lazım gəldikdə vaxtı çatmış yaradıcılıq problemlərini və təşkilat məsələlrini həll etmək üçün növbədənkənar qurultay və ya konfrans çağırılır. Qurultayın və konfransın çağırılması və nümayəndəlik qaydası haqqında qərar, qurultayın və konfransın keçirilməsinə ən azı 3 ay qalmış Mİ-nin İdarə Heyəti tərəfindən qəbul edilir.

3.3. Qurultay, konfrans, qeydə alınmış nümayəndələrin 2/3-i varsa, səlahiyyətli sayılır. İdarə Heyəti plenumu və yaxud Rəyasət Heyətinin yığıncağında Mİ üzvlərinin yarısından çoxunun iştirakı olduqda səlahiyyətli sayılır.

3.4. Qurultayarası dövrdə Mİ-nin icra orqanı, başda İdarə Heyətinin sədri olmaqla İdarə Heyətidir. İdarə Heyətinin plenumları lazım gəldikdə (ildə iki dəfədən az olmayaraq) çağırılır.

Qeyd: Mİ İdarə Heyətinin növbədənkənar plenumları İdarə Heyəti sədrinin, yaxud Rəyasət Heyəti üzvlərinin ən azı 1/3 hissəsinin tələbi və yaxud təşəbbüsü ilə çağırılır.

3.5. Mİ-nin İdarə Heyəti:

a) qurultayın qərarlarını həyata keçirərək İttifaqın yaradıcılıq və ictimai fəaliyyətini təşkil edir, qərarların yerinə yetirilməsinə nəzarət edir;

b) yerli təşkilatların fəaliyyətini əlaqələndirir;

c) Mİ-nin orqanlarının strukturunu müəyyən edir və onların fəaliyyətini istiqamətləndirir;

ç) layihə, yaradıcılıq-istehsalat və təsərrüfat təşkilatları, birlikləri yaradır və onların fəaliyyətinə nəzarət edir;

d) Respublikanın başqa yaradıcılıq ittifaqları və ictimai təşkilatları ilə birlikdə iş aparır;

e) memarlıq sahəsində qanunvericilik hüququ və normativ aktlarının layihələrinin hazırlanmasında iştirak edir;

ə) Rəyasət Heyətinin say tərkibini müəyyən edir, Rəyasət Heyətinin üzvlərini (gizli və ya açıq səsvermə ilə) və Rəyasət Heyəti üzvlərindən (gizli və ya açıq səsvermə ilə) katibləri seçir;

f) öz fəaliyyəti barədə Azərbaycan memarlarının qurultayına hesabat verir;

j) üzvlük haqlarının məbləğini müəyyən edir.

3.6. Rəyasət Heyəti, başda İdarə Heyətinin sədri olmaqla:

a) Mİ-nin bütün yaradıcılıq, təşkilat, sosial-məişət, istehsalat-təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir, İdarə Heyəti yanında fəaliyyət göstərən yaradıcılıq komissiyalarının, yerli təşkilatların idarə heyətlərinin, habelə təşkilatların və müəssisələrin işini qurultayların və plenumların qərarlarını yerinə yetirməyə yönəldir;

b) qurultayın və plenumların qərarlarının yerinə yetirilməsinə nəzarət edir, yerli təşkilatların, yaradıcılıq komissiyalarının, yaradıcılıq-istehsalat və layihə bölmələrinin yaradıcılıq hesabatlarını dinləyir və müzakirə edir, onların fəaliyyətinə yardım göstərir;

c) Mİ-nin İdarə Heyətini Respublikanın dövlət, ictimai təşkilatlarında və beynəlxalq təşkilatlarda təmsil edir;

ç) Mİ-nin beynəlxalq fəaliyyətini təşkil edir;

d) dövlət mükafatları, təltiflər və fəxri adlar almağa namizədlər göstərir;

e) həvəsləndirmə məqsədilə Mİ üzvləri üçün mükafatlar (diplomlar, fəxri fərmanlar, xatirə medalları və s.) təsis edir;

ə) layihə-tikinti kompleksinin idarəetmə orqanları ilə birlikdə memarlığın inkişafı məsələlərinin həllində iştirak edir;

f) Mİ aparatının və tabelikdəki təşkilatların rəhbər işçilərini vəzifəyə təsdiq edir;

g) Mİ-nin fəaliyyəti və tədbirləri haqqında informasiyanın yayılmasını təmin edir, Respublikanın memarlıq nailiyyətlərinin kütləvi informasiya vasitələri tərəfindən təbliğini həyata keçirir;

ğ) Rəyasət heyəti bir qayda olaraq, ayda bir dəfə toplanır. Rəysət heyətinin işi, orada onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Rəyasət heyəti Mİ İdarə heyətinin plenumunda hesabat verir;

h) İdarə heyətinin sədri və katiblər Rəyasət heyətinin bürosunu tərtib edir və İttifaqın Rəyasət heyətinin iclaslararası gündəlik işini həyata keçirir. 

3.7. Mİ-nin yerli (və ya regional) təşkilatları İttifaqın ən azı 5 nəfər üzvü olduqda İdarə Heyətinin qərarı ilə yaradılır.

Yerli təşkilatların rəhbər orqanları ümumi yığıncaqlardır.

İri təşkilatlarda hesabat-seçki konfransları çağırıla bilər. Konfransda nümayəndəlik normasını yerli təşkilatların İdarə Heyətləri müəyyən edir.

3.8. İlkin təşkilatlar iş yerində İttifaqın ən azı 3 nəfər üzvü olduqda yaradılır. Təqaüdçülər və İttifaqın ayrı-ayrı üzvləri Mİ-nin nəzdində və yaxud ilkin təşkilatlarda qala bilərlər.

3.9. Mİ-nin yerli və ilkin təşkilatları özlərinin fəaliyyətində Nizamnaməni və İdarə Heyətinin işləyib hazırladığı təlimatları rəhbər tuturlar.

3.10. Mİ-nin bütün təşkilatlarında 20 nəfər üzvü olduqda Təftiş komissiyaları yaradılır, üzvlərin sayı az olduqda müfəttiş seçilir. Təftiş komissiyası öz tərkibindən sədr, sədr müavinləri və katib seçir.

Təftiş komissiyaları da müvafiq İdarə Heyətlərinin seçildikləri müddətlərə seçilirlər və onları seçən qurultaylara, konfranslara, ümumi yığıncaqlara hesabat verirlər.

Təftiş komissiyasının iclasları ildə ən azı iki dəfə keçirilir.

3.11. Təftiş komissiyaları (müfəttişlər):

a) Nizamnamə tələblərinin, qurultayın, İdarə Heyəti plenumlarının, hesabat-seçki konfranslarının və ümumi yığıncaqların qəbul etdikləri qərarların, Mİ-nin bütün rəhbər orqanları tərəfindən yerinə yetirilməsinə nəzarət edirlər;

b) Mİ-nin, Memarlıq Fondunun, İttifaqın tabeliyindəki təşkilatların müvafiq İdarə Heyətlərinin, müəssisələrin və idarələrin təsərrüfat-maliyyə fəaliyyətini yoxlayırlar;

c) İdarə Heyətinin təşkilatçılıq-yaradıcılıq fəaliyyətinə qiymət verir, həmin fəaliyyəti təkmilləşdirməyə yaxından kömək edir.

3.12. Yerli və ilkin təşkilatların Təftiş komisiyalarının (müfəttişlərinin) fəaliyyətinə metodik rəhbərliyi həyata keçirir.

Təftiş komissiyasının üzvləri İdarə Heyəti plenumlarının işində, Rəyasət Heyətinin iclaslarında məşvərətçi səs hüququ ilə iştirak edirlər.

Mİ-nin bütün təşkilatları və müəssisələri Təftiş komissiyaları üçün lazımi materiallar təqdim etməyə borcludurlar.

 

4. MEMARLAR İTTİFAQININ VƏSAİTİ

 

4.1. Daxilolmalar və üzvlük haqlarından;

4.2. Memarın əməyindən istifadə edən dövlət layihə təşkilatlarının və başqa təşkilatların qanunda müəyyən edilmiş qaydada ayırdıqları vəsaitdən;

4.3. İttifaqa məxsus təşkilatların, idarə və müəssisələrin təsərrüfat fəaliyyətindən və qanunla qadağan olunmayan digər fəaliyyətlərdən əldə edilən gəlirdən;

4.4. Müəssisələrin və vətəndaşların könüllü surətdə verdikləri vəsaitdən;

4.5. İcarəyə verdiyi mülkiyyət və vəsaitdən olan ayırmalardan;

4.6. Bədii, dekorativ-tətbiqi sənət əsərlərinin satışından əldə edilən gəlirdən yaranır.

 

5. MEMARLAR İTTİFAQININ YURİDİK HÜQUQLARI

 

5.1. Mİ, onun təşkilatları, İttifaqın tabeliyindəki regional təşkilatlar, idarələr və müəssisələr hüquqi şəxsdir və özlərinin fəaliyyətinin müəyyən edilmiş məqsədlərinə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, bundan irəli gələn bütün hüquqlara və vəzifələrə malikdirlər, onların öz möhürü və ştampı olur;

5.2. Mİ İdarə Heyətinin (Rəyasət Heyətinin) İttifaqın yeni yerli təşkilatlarının yaradıldığını təsdiq etmək hüququ vardır;

5.3. Mİ-nin İdarə heyəti yanında təsərrüfat cəhətdən müstəqil sayılan, Respublika memarlar qurultayının təsdiq etdiyi, öz Nizamnaməsini rəhbər tutan Memarlıq Fondu fəaliyyət göstərə bilər;

Memarlıq Fondunun fəaliyyətinə Respublika memarlarının qurultayında seçilən İdarə Heyəti rəhbərlik edir;

Memarlıq Fondunun İdarə Heyəti öz işi barədə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Rəyasət Heyətinə (Rəyasət Heyəti bürosuna) hesabat verir;

5.4. Memarlar İttifaqının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq, Nizamnamələr və ya Əsasnamələr üzrə fəaliyyət göstərən memarlıq-rəssamlıq emalatxanaları, layihə-tikinti və kommersiya təşkilatları, texniki mərkəzləri (operativ poliqrafiya, video-kompyüter mərkəzləri və başqa mərkəzlər) və digər təşkilatlar, idarələr və müəssisələr (memar evləri, yaradıcılıq evləri, istirahət evləri və bazaları, kitabxanalar, emalatxanalar, sərgi salonları, ixtisaslaşdırma institutları və kursları, memarlıq-rəssamlıq studiyaları və i.a. yaratmaq, binalar və tikililər, kooperativ yaşayış evləri) inşa etmək hüququ vardır.

5.5. İttifaqın üzvlərinə hüquqi yardım göstərilməsini təşkil edir, üzvlərin adından onları dövlət təşkilatlarında və ictimai təşkilatlarda təmsil edirlər.

5.6. Mİ və onun yerli təşkilatları memarlıq sərgiləri, baxışları, müsabiqələri keçirmək və həmin tədbirlərlə əlaqədar həm özlərinin və həm də cəlb edilmiş vəsait hesabına mükafatlar vermək hüququna malikdir.

5.7. Mİ-nin əmlakı mülkiyyət hüququ əsasında onun özünə məxsusdur.

5.8. Mİ İdarə Heyətinin Rəyasət Heyəti və yerli təşkilatların, ilkin təşkilatların İdarə Heyətləri (büroları) İttifaqın məqsəd və vəzifələrinə zidd olan idarəetmə qərarlarının təsir qüvvəsini dayandırmaq, zəruri hallarda isə həmin məsələləri müvafiq orqanlar qarşısında qaldırmaq hüququna malikdirlər.

5.9. Mİ-nin İdarə Heyətində kreditlərin sərəncamçıları İdarə Heyətinin sədri, katiblər və baş mühasibdir, yerli təşkilatların İdarə Heyətlərində (bürolarında) müvafiq İdarə Heyətinin (büronun) sədri və ya onun müavini, katibləri və mühasibidir.

5.10. İttifaqın bütün struktur bölmələri İttifaqın əmlakından və vəsaitindən müəyyən olunmuş qaydada istifadə etmək hüququna malikdirlər.

5.11. Mİ-nin fəaliyyəti Respublika Memarlar İttifaqı qurultayının qərarı ilə dayandırıla bilər. İttifaq ləğv edildikdən sonra bütün vəsait və əmlakın taleyi qurultayın (konfransın) qərarı ilə müəyyən edilir.

5.12. Nizamnamə Mİ-nin qurultayında (konfransında) qəbul edilir və İctimai təşkilatlar haqqında Qanuna uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınır.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)