Previous Next

Əhalinin Nəzərinə!

Son günlərdə sosial şəbəkələrdə Azərbaycan Memarlar İttifaqının yerləşdiyi binanın sökülməsi barədə yalan məlumatlar yayılır. Bu bina Bakı sakinlərinə Ağabala Quliyevin evi kimi məlumdur.

Layihənin müəllifi polşalı memar Yevgeni Yakovleviç Skibinskidir (Eugeniusz Skibiński, 1858–1928). “Dəyirmanlar kralı” Ağabala Quliyevin sifarişi ilə 1899-cu ildə tikilmiş cah-cəlallı mülkün interyerini məşhur rus rəssamı Durov tərtib edib.

Ağabala Quliyevin evinin memarlığı Azərbaycan memarlığı tarixindəki şərq üslublu tikililər içərisində fərqlənməkdədir.

Binanın tarixi onun sahibinin həyat tarixçəsi ilə sıx bağlıdır. Ağabala Hacıqulu oğlu Quliyev kasıb ailədən idi, uşaqlığı şəhərin küçələrində və gəmi körpülərində anasının bişirdiyi qutabları satmaqla keçmişdi. Böyüdükdə isə un və taxılın alqı-satqısı ilə məşğul olmağa başladı. Bir neçə ildən sonra o, dəyirman tikməyə müvəffəq oldu.

Bakının indiki Puşkin və Nizami küçələrinin kəsişməsindəki dəyirman Ağabala Quliyevə məxsus idi. Birinci gildiya taciri, dənüyütmə və düyütəmizləmə zavodlarının sahibi Ağabala Quliyev həmçinin, Bakı-Batumi neft kəmərinin tikintisi üzrə cəmiyyət təsis etmişdi. O, dəfələrlə Bakı şəhər Dumasına qlasnı seçilmişdi.

Həmin dövr Bakısının həyatında heç bir hadisə Ağabala Quliyevin maddi və mənəvi köməyi olmadan keçmirdi. Ölkədə xalq təsərrüfatının, dövlət tikintisinin müxtəlif sahələrində, sosial və mədəni tədbirlərin keçirilməsində onun xidmətləri böyük idi.

Azərbaycan Memarlar İttifaqı, bizim binanın taleyi ilə maraqlanan və narahat olan sakinlərə öz dərin minnətdarlığını bildirir və nəzərinizə çatdırır  ki, binanın sökülməsi barədə məlumat həqiqətə uyğun deyil, belə ki, bina dövlət əhəmiyyətli abidələr siyahısındadır və onun bu siyahıdan çıxarılması barədə heç bir qərar yoxdur.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)