Previous Next

Bu ilin 17 fevral tarixində Azərbaycan Memarlar İttifaqının binasında Azərbaycanın Əməkdar memarı Nərgiz xanım Əsgərzadənin xatirə gecəsi keçirildi.

Gecədə ölkənin tanınmış memarları, Bakıda və Şəkidə Nərgiz xanımla birlikdə işləyən həmkarları, eləcə də qohumları və ailə dostları iştirak edirdilər.

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayaraq, Nərgiz xanımın xatirəsinə ehtiram əlaməti olaraq bu gecədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirdi.

Sonra Nərgiz Əsgərzadənin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş edildi. Nərgiz Əsgərzadə 15 avqust 1929-cu ildə Bakıda, pedaqoq ailəsində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Politexnik institutunu bitirmiş,  1961-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək memarlıq üzrə flsəfə doktoru elmi dərəcəsini almışdır. O zamanları xatırlayan həmkarları Fəxrəddin Miralay, Tofiq Şəkixanov, Ramiz Abdullayev, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun və Azərbaycan MEA-nın Şəki Regional elmi mərkəzinin əməkdaşları qeyd etdilər ki, N. Əsgərzadə bütün ömrünü memarlığa, elmə həsr etmişdir.O, təkcə memarlıq elmi fəaliyyəti ilə deyil, xeyriyyəçiliklə də məşğul olmuş, uşaq evlərinə, qonşularına əlindən gələn köməyi əsirgəməmişdir.  Çoxları onu, Azərbaycanın Tereza Anası adlandırırdılar.

Nərgiz xanım 4 monoqrafiyanın, 6 kitabın və 42 dərc olunmuş elmi məqalənin müəllifidir.

Tədbirin sonunda Nərgiz Əsgərzadənin qızı Nigar xanım anasının yaradıcılığına göstərdikləri diqqətə və bu gecənin təşkilinə görə Azərbaycan Memarlar İttifaqının rəhbərliyinə və əməkdaşlarına bütün ailə üzvləri adından dərin təşəkkürünü bildirdi.

Nərgiz xanım, ruhunuz şad olsun!

Previous Next

Mayın 4-də İtaliya Mühəndislər və Memarlar Cəmiyyətinin prezidenti Antonio Rekuperonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Memarlar İttifaqında oldu. On altı nəfərdən ibarət italiyalı memarlar qrupunu AMİ-nin məsul katibi Elçin Əliyev, tanınmış Azərbaycan memarları Rasim Babakişiyev, Nazim Vəliyev, Leyla Ağakərimova, Gülnarə Fətullayeva, AMEA Memarlıq və İnşaat İnstitutunun əməkdaşı Elçin Əliyev və başqaları qarşıladılar. Qonaqlara zəngin tarixə malik Azərbaycan memarlığı, Bakının memarlıq özəllikləri, eləcə də Azərbaycan Memarlar İttifaqının fəaliyyəti haqqında geniş məlumat verildi. İtaliya Mühəndislər və Memarlar Cəmiyyətinin prezidenti Antonio Rekupero başçılıq etdiyi qurum haqqında Azərbaycan memarlarına məlumat verdi. Görüşün gedişində Azərbaycanda və xüsusən də Bakıda aparılan tikinti-quruculuq işləri, icra edilən memarlıq layihələrinin xüsusiyyətləri və s. ilə bağlı italiyalı qonaqların çoxsaylı suallarına ətraflı cavablar verildi. 

Previous Next

Aprelin 29-da Memarlar İttifaqının binasında “Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov ilə memarların və tələbələrin görüşü oldu. F.İsmayılov toplaşanlara başçılıq etdiyi təşkilat və onun indiyədək gördüyü işlər haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi başlayan ərəfədə - ötən əsrin 80-ci illərinin sonlarında bu bölgədəki abidələrin verildiyi kataloqda 900-ə yaxın abidə qeyd olunmuşdu. Reallıqda isə bunların sayı təqribən 7 mindir. Ötən iki onillik ərzində məkrli erməni siyasətinin bir qolu olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal edilmiş ərazilərində xüsusi amansızlıqla xalqımızın tarixi-mədəni irsinin mühüm hissəsi olan tarix və memarlıq abidələri dağılmaya, süni özününküləşdirməyə, yəni bütövlükdə vandalizmə məruz qalıb. Həmin prosesin indi də davam etdirildiyini deyən F.İsmayılov çoxsaylı fotomateriallar əsasında dediklərini sübuta yetirdi.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)