Previous Next

Aprelin 14-də HILTON BAKU otelində «Дом и Интерьер» jurnalının təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə dünyanıaparıcı memarlıstudiyası olan AUTOBAN-ın ustad dərsi keçirilib.

Qeyd edək ki, AUTOBAN studiyası Azərbaycan üçün xüsusi yer tutur, çünki dünyanın ən gözəl hava limanı olan Heydar Aliyev International Airport bu studiya tərəfindən layihələndirib.

Ustad dərsində 600-dən çox memar və dizayner iştirak edib. 

Azərbaycan Memarlar İttifaqının Təftiş komissiyasının sədri N.Şıxzamanov və komissiyanın üzvləri  A.Rəhimova və T. Şəkixanov  Memarlar  İttifaqının baş mühasibi L.Əfəndiyevanın təqdim etdiyi sənədlərlə tanış olduqdan sonra aşağıdakıları müəyyən etmişlər.

Memarlar İttifaqının 01.01.2016-cı il tarixinə maliyyə qalıqları 24951,10 manat olmuşdur. Memarlar İttifaqına 2016-cı ilin 12 ayında daxilolma 363666,0 manat, xərclər isə 380967,79 manat olmuşdur. 31.12.2016-cı il tarixinə maliyyə qalıqları 7649,31 manat olmuşdur.

Gəlirlər Memarlar İttifaqının Nizamnaməsinə uyğun olaraq və qanunla qadağan olunmayan qaydalarla layihə təşkilatlarından, ayrı-ayrı idarə və müəssisələr tərəfindən daxilolmalardan, üzvlük haqlarından, sponsor köməkliyi və maliyyə yardımlarından, icarə haqqından və sair daxilolmalardan ibarət olmuşdur.

Memarlar İttifaqının fəal çalışmaları nəticəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 13 yanvar 2016-cı il tarixli 05/03-09-166 nömrəli məktubu əsasında 2016-cı ilin dövlət büdcəsindən qeyri-dövlət təşkilatlarına maliyyə yardımının edilməsi məqsədilə Azərbaycan Memarlar İttifaqına 150000 manat ayrılmışdır. 

Son illər ərzində Azərbaycan Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri şəhərsalma və memarlıq sahəsində də öz əksini tapmışdır.

Azərbaycan Memarlar İttifaqı yaranmış maliyyə imkanlarından səmərəli istifadə edərək, fəaliyyətini xeyli genişləndirmişdir. Belə ki, bu dövr ərzində dövlət hakimiyyəti orqanları ilə əməkdaşlıq və beynəlxalq memarlar təşkilatları ilə əlaqələr qurmaq istiqamətində, sərgilər və müsabiqələrdə memarlarımızın iştirak etməsində, istedadlı memarlarımızın yaradıcılıq gecələrinin keçirilməsində və onların fəaliyyətinin təbliğində, görkəmli Azərbaycan memarlarının xatirələrini yaşatmaq istiqamətində müəyyən işlər görülmüşdür.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin  25 may 2016-cı il yay Plenumu çox mühüm bir məsələyə - memarlıq təhsilinə həsr olunmuşdur. “Azərbaycanda memarlıq təhsilinin müasir vəziyyəti və vəzifələr” mövzusunda keçirilən Plenumda çıxış edənlərin səsləndirdikləri fikirlər təhlil olunmuş və bunların əsasında memarlıq təhsilinin təkmilləşdirilməsi haqqında təkliflər Dövlət qurumlarına və aidiyyatı olan təşkilatlara çatdırılmışdır.

Bakıdakı Nəriman Nərimanov prospektinin qərb tərəfində yerləşən, “Sovetski” kimi tanınan ərazinin yenidənqurulması çərçivəsində, buradakı söküntü işləri və bunların gedişində meydana çıxmış müəyyən narahatedici məqamlarla bağlı müzakirələr aparılması, məsələyə peşəkar münasibətin bildirilməsi məqsədi ilə Azərbaycan Memarlar İttifaqının 10 iyun tarixində Növbədənkənar plenumu keçirilmişdir. Plenumda memarlıq abidələrinin qorunması və onların müasir şəhər mühitində yeri və vəzifəsi geniş müzakirə edilmişdir.

Plenum iştirakçılarının  fikirləri toplanıb AMİ Katibliyinin iclasında müzakirə edilmiş, müvafiq təkliflər hazırlanmış və bu barədə 29 iyun 2016-cı il  tarixli 86 nömrəli məktubla Azərbaycan Nazirlər Kabinetinə müraciət göndərilmişdir. 

Azərbaycan Memarlar İttifaqının mövcud memarlıq problemlərinə ölkəmizin müxtəlif bölgələrində təşkil olunan müşavirələrdə baxılması təcrübəsi təqdirəlayiqdir. Belə ki, Memarlar İttifaqının idarə heyətinin səyyar plenumları 18-20 dekabr 2014-cü il tarixində Naxçıvanda,  3-5 iyul 2015-ci il tarixində Gəncədə və 20-22 dekabr 2015-ci il tarixində Lənkəranda keçirilmişdir. Bu Plenumların materialları “Memar” analitik-informasiya jurnalınında dərc olunmuşdur. 

2016-cı il ərzində Azərbaycan Memarlar İttifaqı bir sıra əhəmiyyətli tədbirlər keçirmişdir. Bunlardan aşağıdakıları qeyd etmək olar:    

Hesabat dövrü ərzində Azərbaycan Memarlar İttifaqı Katibliyinin 10 iclası keçirilmişdir.

Xüsusi olaraq qeyd etmək istərdi ki, Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə aşağıdakı memarlar “Tərəqqi” medalı ilə təltif edilmişlər: Ağazadə Rüfət, Axundov Cahanqir, Bayramov Rizvan, Haciyeva Səbinə, İbrahimli Yusif, Məlikov Natiq və Məmmədov Kamil.

Diqər Sərəncam ilə Babakişiyev Rasim, İbrahimov İbrahim, Kiryaşov Yevqeniy, Qarber Aleksandr, Qədirov Cəmaləddin, Mollazadə Fərhad, Musaxanov Kəmal və  Vəliyev Nazimə  “Əməkdar Memar” Fəxri adı verilib.

Azərbaycan  memarlığının  inkişafında  xidmətlərinə ğörə Əbdülrəhimov Ramiz, Əmirxanov Afis və Quliyev Feyzullaya  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Təbrik edirik.

Memarlar İttifaqının Təftiş komissiyası İttifaqın fəaliyyətinin 2016-cı il dövrü ərzində maliyyə vəziyyətini yoxlamış, müvafiq məlumatlar tərtib etmiş və lazımi tövsiyələrini vermişdir.

Memarlar İttifaqının maliyyə fəaliyyətində bəzi layihə təşkilatlarından müqavilə əsasında ödənişlərin tam ödənilməməsinə  görə debitor borcları yaranmışdır.

Hal-hazırda Azərbaycan Memarlar İttifaqının 489 üzvü vardır. Bunlardan 95-i işləmiyən təqaüdçü olduğundan, üzvlük haqqı ödəməkdən azad edilmişlər. Təəssüflə bildirməliyik ki, İttifaqın bəzi üzvləri İttifaqın Nizamnaməsinin 2.5 Maddəsini pozaraq üzvlük haqlarını uzun müddətdir ki, ödəmirlər. Təəccüblüsü budur ki, onların arasında vəzifəli şəhslər də var.

Göstərilən dövrdə İttifaqa bəzi ərizə və müraciətlər daxil olmuşdur. Onlara İttifaqın Katibliyi tərəfindən baxılmış və müvafiq qərarlar qəbul olunmuşdur. Bundan əlavə, 9 nəfər qocaman memarlara hər ay 150 manat maddi yardım göstərilmişdir və göstərilir.

Təftiş komissiyası yuxarıda göstərilən dövrdə görülmüş işlərin bir qismini qeyd etməklə, Memarlar İttifaqının fəaliyyətini Nizamnaməyə uyğun olaraq, Azərbaycan memarlığının inkişaf  strategiyasının həyata keçirilməsini, eyni zamanda, İttifaqın maliyyə vəsaitlərinin məqsədəuyğun sərf edildiyini bildirir.

Təftiş komissiyasının üzvləri Memarlar İttifaqının gələcək fəaliyyətində daha böyük uğurların qazanılmasını arzulayırlar.

   

   

            Təftiş komissiyasının  sədri                                                          N. Şıxzamanov

            Komissiyanın üzvləri                                                                     A.Rəhimova

                                                                                                                 T. Şəkixanov

Previous Next

Azərbaycan Memarlar İttifaqının İdarə heyəti 19 yanvar tarixində Bakıda «Four seasons» otelinin «Şur» zalinda «Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyəti» mövzusunda Plenum keçirdi.

Əvvəlcə qonaqlar Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyətini əks etdirən sərgi ilə tanış oldular.

Plenumu salamlama sözü ilə Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə açdı. Əvvəlcə son plenumdan keçən müddətdə dünyasını dəyişmiş Mİ İdarə heyəti üzvləri, sonra İşğal olunmuş ərazilərdə şəhid olmuş vətəndaşlarımız bir dəqiqə sükutla yad edildi. Daha sonra isə Plenum mövzusu üzrə məruzələr dinlənildi:

  • “Qarabağ. Dağılan memarlıq irsimiz” mövzusunda AzMİU-nun rektoru, AMİ-nin katibi professor Gülçöhrə Məmmədovanın məruzəsi.
  • “Qarabağın işğal olunmuş ərazilərindəki tarix və memarlıq abidələrinə qarşı erməni vandalizmi” mövzusunda Azərbaycanın işğal olunmuş ərazilərindəki Tarix və Mədəniyyət abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun məruzəsi. 
  • “Gəncəsər və Xudavəng – Alban memarlığının inciləri” mövzusunda AzMİU-nun “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasının müdiri, AMİ-nin İdarə heyətinin üzvü, professor əvəzi Səbinə Hacıyevanın məruzəsi.
  • “Mədəni irsin qorunması üzrə beynəlxalq təşkilatlar silahlı konfliktlərdə” mövzusunda Beynəlxalq Muzeylər Şurasının Gürcüstan Milli Komitəsinin nümayəndəsi Lana Karaianın məruzəsi. 
  •  “Qarabağın bir sıra maddi-mədəniyyət abidələrinin virtual rekonstruksiyası” mövzusunda AzMİU-nun “Memarlıq” fakultəsinin dekanı, AMİ İdarə heyətinin üzvü dosent Zahidə Məmmədovanın məruzəsi.

Çıxışlardan sonra Azərbaycan Memarlar İttifaqının İdarə heyəti Plenumunun Qətnaməsi və Plenum iştirakçılarının Beynəlxalq təşkilatlara ünvanlanmış (UNESCO, İSESKO, İCOMOS, İCCRAM və s.) Müraciəti oxundu.

Previous Next

Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının yaranmasının 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.

Memarlar İttifaqının idarə heyətinin üzvləri və ölkənin görkəmli memarları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Sonra akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tədbir iştirakçıları Muğam Mərkəzində Azərbaycan memarlarının layihələrindən ibarət sərgi ilə tanış olublar. Təntənəli yubiley tədbirində ölkənin ictimai və siyası xadimləri – Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Bahar xanım Muradova, Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Abbas Ələsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanova, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay xanım Əfəndiyeva, Müəllif Hüquqları Dövlət Agentliyinin sədri cənab Kamran İmanov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə xanım Məmmədova, Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru cənab Çingiz Fərzəliyev. Nazirliklərin, idarə və müəssisələrin nümayəndələri, rayon İcra hakimiyyətləri başçıları, İttifaq üzvləri, layihə təşkilatlarının əməkdaşları və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.

Yubiley tədbirində çıxış edən Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayaraq, Memarlar İttifaqının tarixindən danışıb. O bildirib ki, 1934-cü ildə Azərbaycan memarlarının birinci qurultayını keçirmək üçün təşkilat komitəsi yaradılıb və 1936-cı ilin mart ayında ittifaqın ilk təsis qurultayı keçirilib.

E.Qasımzadə qeyd edib ki, ötən 80 ildə Azərbaycan memarları dünya memarlıq sənətinə 1000-dən çox gözəl əsər bəxş etmişlər. Azərbaycan memarlarının əsərləri yalnız respublikamızda deyil, bütün dünyada tanınır. Bildirilib ki, müasir dövrdə Azərbaycan memarlığı və şəhərsalması dövlət siyasətinin ayrılmaz bir hissəsi olmaqla Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, 2016-cı il noyabrın 25-də dövlət başçısının imzaladığı Sərəncamlarla respublikamızda memarlıq sahəsində nailiyyətlər qazanmış 18 nəfərin fəaliyyətinə yüksək qiymət verilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yüksək adlara layiq görülmüş memarları təbrik edərək, onlara yaradıcılıq nailiyyətləri arzulayıb və “Əməkdar Memar” fəxri adı, “Tərəqqi” medalı vəsiqələrini və təltiflərini təqdim edib. Nazir vurğulayıb ki, memarın istedadı, yaradıcılıq qabiliyyəti olmasa, bizim yaşadığımız məkan bu qədər gözəl və rəngarəng ola bilməzdi.

Azərbaycan Memarlar İttifaqı Katibliyinin qərarına əsasən bir qrup memar “Akademik Mikayıl Useynov” xatirə medalı və “Ustad Memar” yüksək peşəkarlıq dərəcəsi ilə təltif olunub. 

Yubiley mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Müəllif Hüquqları Dövlət Agentliyinin sədri Kamran İmanov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və digərləri milli memarlığın inkişafına böyük töhfələr vermiş memarları yüksək dövlət mükafatlarına layiq görüldüklərinə görə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Rəsmi hissənin sonunda Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə təbdir iştirakçıları adından ölkə başçısı cənab İlham Əliyevə ünvanlanmış məktubun mətnini oxuyub.

Fasilədən sonra qonaqlara, Respublikanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Dövlət Kamera Orkestrinin və istedadlı musiqiçilərin və ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunub.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)