Previous Next

Azərbaycan Memarlar İttifaqı öz 80 illik yubileyini təntənəli şəkildə qeyd etdi

Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının yaranmasının 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.

Memarlar İttifaqının idarə heyətinin üzvləri və ölkənin görkəmli memarları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Sonra akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tədbir iştirakçıları Muğam Mərkəzində Azərbaycan memarlarının layihələrindən ibarət sərgi ilə tanış olublar. Təntənəli yubiley tədbirində ölkənin ictimai və siyası xadimləri – Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Bahar xanım Muradova, Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Abbas Ələsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanova, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay xanım Əfəndiyeva, Müəllif Hüquqları Dövlət Agentliyinin sədri cənab Kamran İmanov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə xanım Məmmədova, Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru cənab Çingiz Fərzəliyev. Nazirliklərin, idarə və müəssisələrin nümayəndələri, rayon İcra hakimiyyətləri başçıları, İttifaq üzvləri, layihə təşkilatlarının əməkdaşları və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.

Yubiley tədbirində çıxış edən Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayaraq, Memarlar İttifaqının tarixindən danışıb. O bildirib ki, 1934-cü ildə Azərbaycan memarlarının birinci qurultayını keçirmək üçün təşkilat komitəsi yaradılıb və 1936-cı ilin mart ayında ittifaqın ilk təsis qurultayı keçirilib.

E.Qasımzadə qeyd edib ki, ötən 80 ildə Azərbaycan memarları dünya memarlıq sənətinə 1000-dən çox gözəl əsər bəxş etmişlər. Azərbaycan memarlarının əsərləri yalnız respublikamızda deyil, bütün dünyada tanınır. Bildirilib ki, müasir dövrdə Azərbaycan memarlığı və şəhərsalması dövlət siyasətinin ayrılmaz bir hissəsi olmaqla Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, 2016-cı il noyabrın 25-də dövlət başçısının imzaladığı Sərəncamlarla respublikamızda memarlıq sahəsində nailiyyətlər qazanmış 18 nəfərin fəaliyyətinə yüksək qiymət verilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yüksək adlara layiq görülmüş memarları təbrik edərək, onlara yaradıcılıq nailiyyətləri arzulayıb və “Əməkdar Memar” fəxri adı, “Tərəqqi” medalı vəsiqələrini və təltiflərini təqdim edib. Nazir vurğulayıb ki, memarın istedadı, yaradıcılıq qabiliyyəti olmasa, bizim yaşadığımız məkan bu qədər gözəl və rəngarəng ola bilməzdi.

Azərbaycan Memarlar İttifaqı Katibliyinin qərarına əsasən bir qrup memar “Akademik Mikayıl Useynov” xatirə medalı və “Ustad Memar” yüksək peşəkarlıq dərəcəsi ilə təltif olunub. 

Yubiley mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Müəllif Hüquqları Dövlət Agentliyinin sədri Kamran İmanov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və digərləri milli memarlığın inkişafına böyük töhfələr vermiş memarları yüksək dövlət mükafatlarına layiq görüldüklərinə görə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Rəsmi hissənin sonunda Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə təbdir iştirakçıları adından ölkə başçısı cənab İlham Əliyevə ünvanlanmış məktubun mətnini oxuyub.

Fasilədən sonra qonaqlara, Respublikanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Dövlət Kamera Orkestrinin və istedadlı musiqiçilərin və ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunub.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)