Təftiş komissiyasının rəyi

Azərbaycan Memarlar İttifaqının Təftiş komissiyasının sədri N.Şıxzamanov və komissiyanın üzvləri  A.Rəhimova və T. Şəkixanov  Memarlar  İttifaqının baş mühasibi L.Əfəndiyevanın təqdim etdiyi sənədlərlə tanış olduqdan sonra aşağıdakıları müəyyən etmişlər.

Memarlar İttifaqının 01.01.2016-cı il tarixinə maliyyə qalıqları 24951,10 manat olmuşdur. Memarlar İttifaqına 2016-cı ilin 12 ayında daxilolma 363666,0 manat, xərclər isə 380967,79 manat olmuşdur. 31.12.2016-cı il tarixinə maliyyə qalıqları 7649,31 manat olmuşdur.

Gəlirlər Memarlar İttifaqının Nizamnaməsinə uyğun olaraq və qanunla qadağan olunmayan qaydalarla layihə təşkilatlarından, ayrı-ayrı idarə və müəssisələr tərəfindən daxilolmalardan, üzvlük haqlarından, sponsor köməkliyi və maliyyə yardımlarından, icarə haqqından və sair daxilolmalardan ibarət olmuşdur.

Memarlar İttifaqının fəal çalışmaları nəticəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 13 yanvar 2016-cı il tarixli 05/03-09-166 nömrəli məktubu əsasında 2016-cı ilin dövlət büdcəsindən qeyri-dövlət təşkilatlarına maliyyə yardımının edilməsi məqsədilə Azərbaycan Memarlar İttifaqına 150000 manat ayrılmışdır. 

Son illər ərzində Azərbaycan Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri şəhərsalma və memarlıq sahəsində də öz əksini tapmışdır.

Azərbaycan Memarlar İttifaqı yaranmış maliyyə imkanlarından səmərəli istifadə edərək, fəaliyyətini xeyli genişləndirmişdir. Belə ki, bu dövr ərzində dövlət hakimiyyəti orqanları ilə əməkdaşlıq və beynəlxalq memarlar təşkilatları ilə əlaqələr qurmaq istiqamətində, sərgilər və müsabiqələrdə memarlarımızın iştirak etməsində, istedadlı memarlarımızın yaradıcılıq gecələrinin keçirilməsində və onların fəaliyyətinin təbliğində, görkəmli Azərbaycan memarlarının xatirələrini yaşatmaq istiqamətində müəyyən işlər görülmüşdür.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin  25 may 2016-cı il yay Plenumu çox mühüm bir məsələyə - memarlıq təhsilinə həsr olunmuşdur. “Azərbaycanda memarlıq təhsilinin müasir vəziyyəti və vəzifələr” mövzusunda keçirilən Plenumda çıxış edənlərin səsləndirdikləri fikirlər təhlil olunmuş və bunların əsasında memarlıq təhsilinin təkmilləşdirilməsi haqqında təkliflər Dövlət qurumlarına və aidiyyatı olan təşkilatlara çatdırılmışdır.

Bakıdakı Nəriman Nərimanov prospektinin qərb tərəfində yerləşən, “Sovetski” kimi tanınan ərazinin yenidənqurulması çərçivəsində, buradakı söküntü işləri və bunların gedişində meydana çıxmış müəyyən narahatedici məqamlarla bağlı müzakirələr aparılması, məsələyə peşəkar münasibətin bildirilməsi məqsədi ilə Azərbaycan Memarlar İttifaqının 10 iyun tarixində Növbədənkənar plenumu keçirilmişdir. Plenumda memarlıq abidələrinin qorunması və onların müasir şəhər mühitində yeri və vəzifəsi geniş müzakirə edilmişdir.

Plenum iştirakçılarının  fikirləri toplanıb AMİ Katibliyinin iclasında müzakirə edilmiş, müvafiq təkliflər hazırlanmış və bu barədə 29 iyun 2016-cı il  tarixli 86 nömrəli məktubla Azərbaycan Nazirlər Kabinetinə müraciət göndərilmişdir. 

Azərbaycan Memarlar İttifaqının mövcud memarlıq problemlərinə ölkəmizin müxtəlif bölgələrində təşkil olunan müşavirələrdə baxılması təcrübəsi təqdirəlayiqdir. Belə ki, Memarlar İttifaqının idarə heyətinin səyyar plenumları 18-20 dekabr 2014-cü il tarixində Naxçıvanda,  3-5 iyul 2015-ci il tarixində Gəncədə və 20-22 dekabr 2015-ci il tarixində Lənkəranda keçirilmişdir. Bu Plenumların materialları “Memar” analitik-informasiya jurnalınında dərc olunmuşdur. 

2016-cı il ərzində Azərbaycan Memarlar İttifaqı bir sıra əhəmiyyətli tədbirlər keçirmişdir. Bunlardan aşağıdakıları qeyd etmək olar:    

Hesabat dövrü ərzində Azərbaycan Memarlar İttifaqı Katibliyinin 10 iclası keçirilmişdir.

Xüsusi olaraq qeyd etmək istərdi ki, Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə aşağıdakı memarlar “Tərəqqi” medalı ilə təltif edilmişlər: Ağazadə Rüfət, Axundov Cahanqir, Bayramov Rizvan, Haciyeva Səbinə, İbrahimli Yusif, Məlikov Natiq və Məmmədov Kamil.

Diqər Sərəncam ilə Babakişiyev Rasim, İbrahimov İbrahim, Kiryaşov Yevqeniy, Qarber Aleksandr, Qədirov Cəmaləddin, Mollazadə Fərhad, Musaxanov Kəmal və  Vəliyev Nazimə  “Əməkdar Memar” Fəxri adı verilib.

Azərbaycan  memarlığının  inkişafında  xidmətlərinə ğörə Əbdülrəhimov Ramiz, Əmirxanov Afis və Quliyev Feyzullaya  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Təbrik edirik.

Memarlar İttifaqının Təftiş komissiyası İttifaqın fəaliyyətinin 2016-cı il dövrü ərzində maliyyə vəziyyətini yoxlamış, müvafiq məlumatlar tərtib etmiş və lazımi tövsiyələrini vermişdir.

Memarlar İttifaqının maliyyə fəaliyyətində bəzi layihə təşkilatlarından müqavilə əsasında ödənişlərin tam ödənilməməsinə  görə debitor borcları yaranmışdır.

Hal-hazırda Azərbaycan Memarlar İttifaqının 489 üzvü vardır. Bunlardan 95-i işləmiyən təqaüdçü olduğundan, üzvlük haqqı ödəməkdən azad edilmişlər. Təəssüflə bildirməliyik ki, İttifaqın bəzi üzvləri İttifaqın Nizamnaməsinin 2.5 Maddəsini pozaraq üzvlük haqlarını uzun müddətdir ki, ödəmirlər. Təəccüblüsü budur ki, onların arasında vəzifəli şəhslər də var.

Göstərilən dövrdə İttifaqa bəzi ərizə və müraciətlər daxil olmuşdur. Onlara İttifaqın Katibliyi tərəfindən baxılmış və müvafiq qərarlar qəbul olunmuşdur. Bundan əlavə, 9 nəfər qocaman memarlara hər ay 150 manat maddi yardım göstərilmişdir və göstərilir.

Təftiş komissiyası yuxarıda göstərilən dövrdə görülmüş işlərin bir qismini qeyd etməklə, Memarlar İttifaqının fəaliyyətini Nizamnaməyə uyğun olaraq, Azərbaycan memarlığının inkişaf  strategiyasının həyata keçirilməsini, eyni zamanda, İttifaqın maliyyə vəsaitlərinin məqsədəuyğun sərf edildiyini bildirir.

Təftiş komissiyasının üzvləri Memarlar İttifaqının gələcək fəaliyyətində daha böyük uğurların qazanılmasını arzulayırlar.

   

   

            Təftiş komissiyasının  sədri                                                          N. Şıxzamanov

            Komissiyanın üzvləri                                                                     A.Rəhimova

                                                                                                                 T. Şəkixanov

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)