Previous Next

RUSİYA SƏFİRİ MEMARLAR İTTİFAQINDA

Martın 3-də Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin və xanımı Azərbaycan Memarlar İttifaqında oldular.

Cənab səfiri və xanımını AMİ İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə, İdarə Heyətinin katibi Fərhad Mollazadə və İttifaqın məsul katibi, sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əliyev qarşıladılar. Səmimi keçən söhbətin gedişində qonaqlara Azərbaycan Memarlar İttifaqı haqqında məlumat verildi. Bildirildi ki, ölkənin ən qocaman yaradıcılıq qurumlarından olan Memarlar İttifaqının beş yüz nəfərə yaxın üzvü var. Onlar ölkəmizdə sürətlə cərəyan etməkdə olan tikinti-quruculuq fəaliyyətində yaxından iştirak -edirlər.

Qonaqlara Azərbaycan Memarlar İttifaqının fəaliyyəti, memarlarımızın xarici ölkələrdə, o cümlədən Rusiyadakı həmkarlarla əlaqələrindən bəhs edən Elbay Qasımzadə dedi:

-      Bizim Rusiya Memarlar İttifaqı ilə çox sıx, mən deyərdim ki, dostluq əlaqələrimiz var. RMİ-nin Moskva təşkilatı ilə də sıx əlaqələr saxlayırıq. Mən tez-tez Moskvada oluram, onlar da Bakıya gəlirlər. İttifaqımız həm də mərkəzi ofisi Moskvada yerləşən Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyasının üzvüdür. SSRİ-nin dağılmasından dərhal sonra əksər keçmiş ittifaq respublikalarındakı memarlar ittifaqlarının birlikdə təsis etdikləri bu qurumun hazırda prezidentiyəm. 2015-ci ilin payızında Bakıda MİBA-nın böyük baxış-müsabiqəsi və hesabat-seçki konfransı keçirildi. Bu ilin sentyabr ayında isə Bakıda bulvarımızın yeni hissəsinə həsr olunmuş memarlıq müsabiqəsi keçiriləcək.

Memarlar İttifaqı İdarə Heyətinin sədri zamanında Bakıdakı Rusiya səfirliyinin binası üçün yer seçilməsində iştirak etdiyini və səfirlik binası layihəsinin həmmüəllifi olduğunu qonaqlara bildirdi.

Qonaqların İttifaqın yerləşdiyi tarixi bina ilə maraqlandıqlarını görən AMİ -İH-nin sədri onlara bakılı sahibkar Ağabala Quliyev və onun yaşayış evi olmuş bu gözəl mülk haqqında maraqlı məlumatlar verdi. Daha sonra qonaqlara öz ailəsinin Rusiya ilə tarixi əlaqələrinin olduğu haqqında məlumat verən Elbay Qasımzadə dedi: “Mənim ata babam Əli bəy Qasımzadə məşhur Qori müəllimlər seminariyasını bitirmişdi, rus dili müəllimi idi. Dövrünün tanınmış ziyalılarından olan Əli bəy böyük rus yazıçısı Lev Tolstoyla uzun müddət dostluq münasibətləri saxlayıb, məktublaşıb. Yasnaya Polyanada qonaq olarkən yazıçıya Quran hədiyyə edib. Tolstoyun Qasımzadələr ailəsində olan məktublarının fotosurətləri hələ sovet dönəmində atam, tanınmış memar və dövlət xadimi Ənvər Qasımzadə tərəfindən Lev Tolstoyun ev muzeyinə hədiyyə edilib”.

Görüşün gedişində Azərbaycan memarları adından cənab səfirə “Azərbaycan memarlıq tarixi” beşcildliyi, onun xanımına isə gül dəstəsi hədiyyə edildi. Sonra qonaqlar İttifaqın yerləşdiyi bina ilə tanış oldular.

Səfir Vladimir Doroxin və xanımı səmimi qəbula və maraqlı məlumatlara görə təşəkkürlərini bildirdilər və AMİ rəhbərliyini Rusiyanın Bakıdakı səfirliyinin binası ilə tanışlığa dəvət etdilər.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)