Previous Next

Qala Dövlət Tarix Etnoqrafya Qoruğuna Ekskursiya

Aprel ayinin 4-də Gənc Memarlar və Tələbələr Klubunun bir qrup üzvü Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya edib. Kollektivə məlumat verilib ki, qoruq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 1988-ci ildə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81,5 hektardır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Bildirilib ki, 5 min əvvəl burada yaşayış olub. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri var. Memarlıq abidələri orta əsrlərə aid edilir.

Bildirilib ki, bu abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildəHeydər ƏliyevFondunun dəstəyi ilə burada açıq səma altında ilk Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Muzey kompleksi ərazisində ölkəmizə, xüsusən də Qalaya və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələri toplanıb və bərpa olunub. Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq nümunələri ilkin görünüşdə qurulub.

Gənc memarlar 1,5 hektar ərazini əhatə edən muzey kompleksində Abşeron yarımadasının abidələri, tarixi yerləri, qeyd olunmuş xəritə, plan, sxem və yarımadaya məxsus abidlərin təsvir olunmuş stendlər, e.ə. III-II minilliyə aid qayaüstü rəsmlər, bütlər, kurqanlar, meqalitik abidələr, arxeoloji tapıntılarla zəngin Arxeoloji qalereya, orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqları, qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümunələri, interyeri və eksteryeri ilə öz dövrünü əks etdirən XIX əsrə aid ikimərtəbəli yaşayış evini gəzib, təsərrüfatın canlı nümunələri – qoyunçuluq, dəvəçilik, atçılıq və digər sahələrlə tanış olublar.
Xüsusi interaktiv turlar isə bu ekskursiyanı daha dinamik və maraqlı edir. İnteraktiv turda iştirak edən kollektivin üzvləri qədim yaşayış evində xalça toxuyub, nalbənd və dulusçuluq sənətinin sirləri ilə tanış olub, təndirxanada qutab bişiriblər.
Sonra gənclər qoruğun ərazisində fəaliyyət göstərən Qala Əntiq Əşyalar muzeyini ziyarət ediblər. Muzey Heydər Əliyev Fondu tərəfindən 2011-ci ildə yaradılıb. Şahid Həbibullayevin şəxsi kolleksiyası əsasında tərtib olunan muzeydə 800 eksponat nümayiş olunur. Muzeyin ən unikal eksponatları samovarlardır. Dünyada təkrarı olmayan bu kolleksiyada eneolit dövrünə aid bəzək əşyaları, məcməyilər, şərbət qabları, dolçalar, badyanlar, kuzələr, çıraqlar, qəndillər, o cümlədən bir sıra xarici ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir. Maddi mədəniyyət nümunələri içərisində Şəki,
Şirvanxanlarına aid qədim gümüş pullar, həmçinin IV-VII əsrlərə aid olan 70 ədəd mis pul maraq doğurur.
Qala qəsrinə çıxan klub üzvləri ətrafı seyr ediblər. Onlara məlumat verilib ki, kompleksə daxil olan X-XII əsrə aid Qala qəsri 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa olunub. Qəsrdə aşkarlanan yeraltı yollar X-XIV əsrlərə aid edilir. Kənd ağsaqqallarının dediklərinə görə yollardan biri dəniz qırağına, digəri isə şəhərə gedib çıxır.
Son olaraq “Tullantıdan Sənətə” muzeyi tanış olan gənc memarlar buradan xoş təəssüratla ayrılıblar.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)