Previous Next

Gənc Memarlar və Tələbələr klubu

Şeyda NOVRUZZADƏ,

Gənc Memarlar və Tələbələr

Klubunun Prezidenti, memar

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Sədri cənab Elbay Qasımzadənin dediyi kimi, “Biz gənclərə diqqətlə yanaşmalıyıq, çünki onlar bizim gələcəyimizdir”. Bu məqsədlə 2013-cü ildə Azərbaycan Respublikası Memarlar İttifaqının nəzdində Gənc Memarlar və Tələbələr Klubu yaradılmışdır. Azərbaycanda memarlıq klublarının sayı çoxalıb. Gənc memarların birgə iş görmələri çox sevindirici haldır. Çünki hərəkət olan yerdə, tərəqqi olur. Amma Gənc Memarlar və Tələbələr Klubunun digər klublardan fərqi də var – biz yeganə qurumuq ki Azərbaycan Respublikası Memarlar İttifaqının diqqətindəyik. Bizim üçün bu fəxr verici bir haldır. Klubun ilk Prezidenti Üzeyir Qasımov olub. Bu üç il ərzində bizim böyük layihələrimiz olmuşdur: sərgilərimiz, müsabiqələrimiz, “work-shop”-lar, tanınmış memarların gənclərlə görüşləri. Bu tədbirlərdən bəziləri:

 

• Tələbə işlərinin sərgisi təşkil olunmuşdur. Bu sərgidə tələbələr öz layihələrini memarlıq sənətində artıq öz sözünü demiş memarlara təqdim etmiş və onlardan tövsiyələr almışdılar;

• Tələbə və gənc memarların Birinci Respublika Müsabiqəsi keçirilmişdir;

• 28 Mall AVM-də “Gənc Memarların müasir memarlığa baxışı” adlı sərgimiz keçirilmişdir. Əsas məqsədimiz gənc memarların layihələrini daha geniş təbliğ etmək, ictimaiyyəti onlarla tanış etmək idi;

• Londonda yerləşən Memarlar Birliyinin (Architecture Association – AA) Məktəbi, YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə Azərbaycana gələrək burada praktiki məşğələ keçirib və bizim Klub bu tədbirdə fəal iştirak edib;

• Beynəlxalq Gənclər Günü münasibəti ilə Azərbaycan Memarlar İttifaqının Gənc Memarlar və Tələbələr Klubu ilə birlikdə təşkil etdiyi sərgi və İlin Tələbəsi mükafatlandırma mərasimi keçirildi. Bu tədbirdə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq Fakültəsinin Əlaçıları “İLİN TƏLƏBƏSİ” mükafatı ilə təltif edildilər;

• Azərbaycan Respublikasının Memarlar İttifaqı Beynəlxalq Memarlar İttifaqının Ümumdünya Konqresində iştirak edib. Tarixdə ilk dəfə Tələbə və Gənc Memarlar Klubunun 5 üzvü bu cür möhtərəm tədbirdə nümayəndə heyətinin tərkibində iştirak etmişdilər;

• Azərbaycan memarlıq sənətində artıq sözlərini demiş ustadlarla Memarlar İttifaqının təşkil etdiyi görüşlərimiz olub. Bu cür yaradıcılıq gecələrində ustadlar öz təcrübələrini bizimlə bölüşüblər:

 

  • Elbay Qasımzadə;
  • Rəhim Seyfullayev;
  • Rasim Babakişiyev;
  • Sənan Salamzadə;
  • Fəxrəddin Miralay;
  • Cahangir Axundov və Kamal Musaxanov;
  • Nazim Vəliyev.

Gələcəkdə görüləcək işlərimiz çoxdur. Klubun üzvləri ilə görüşlər daha sıx keçiriləcək, “master-class” ların təşkili davam ediləcək, sərgilərimiz və müsabiqələrimiz, tarixi abidələrə ekskursiyalarımız, bununla bərabər yeni tikilən obyektlərdə də peşəkar memarlarla görüşlərimiz təşkil olunacaq. Gənc memarları bizim legitim təşkilatımızda birləşməyə dəvət edirəm.

Atalar deyib: “Tək əldən səs çıxmaz!”

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)